Məqalələr

Şəfiqə xanım Əfəndizadənin pedaqoji fəaliyyəti
və pedaqoji fikirlərini dair
Hər bir xalq öz ömrünü xalqının azadlığı uğurunda mübarizəyə, onun maarifi və mədəniyyətinin inkişafına həsr edən övladlarını heç vaxt unutmur, belə böyük şəxsiyyətlərin örnək olan fəaliyyətini, zəngin irsini diqqətlə öyrənir. Azərbaycan xalqının pedaqoji fikri və ədəbiyyatı tarixində özünəməxsus yer tutan Şəfiqə xanım Əfəndizadə məhz belə unudulmaz simalardandır.
Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə indiki Gürcüstanın Axaltsaxe rayonunun Asğuri kəndində maarifpərvər ziyalı Məhəmmədəmin Hafiz Şeyxzadə dövrünün savadlı, geniş məlumatlı bir adamı idi. O, qızları Şəfiqəni və Səidəni təhsilli görməyi arzulayırdı. Onların yaşadıqları regionda və ətraf regionda qız məktəbi olmadığına görə Məhəmmədəmin Hafiz Şeyxzadə qızlarının təhsili ilə özü məşğul olmağa başlayır. O, böyük qızı Şəfiqəyə mükəmməl ev təhsili verir, kiçik qızı Səidəyə isə yazıb-oxumağı öyrədir. Atası Şəfiqəyə doğma ana dilini – Azərbaycan dilini dərindən öyrətmişdi. Zəmanənin ənənələrinə sadiq qalaraq ərəb və fars dillərini də öyrənməsinə nail olmuşdu. Gənc Şəfiqə müəllim olmaq, qızlara dərs demək arzusunda idi. Ev təhsili isə onun müəllim kimi fəaliyyət göstərmək arzusuna imkan vermirdi. Buna görə də atası onu Tiflisə gətirdi, müəllimliyə imtahan vermək üçün Zaqafqaziya ruhani idarəsinə müraciət etdi. Şəfiqə burada müvəffəqiyyətlə imtahan verərək, ana dili müəllimi şəhadətnaməsi aldı.
Məlumatlarından belə bir nəticəyə gəlmək mümkündür ki, Məhəmmədəmin Hafiz Şeyxzadə müsəlmanlar arasında ən kamil müəllim kimi tanınmışdır. O, müxtəlif şəhərlərdə yeni üsulu məktəblər açmış, müsəlman uşaqlarının ibtidai təhsil almalarına çalışmışdır. Onun həyat yoldaşı Əsmə Soltan xanım da klassik şərq təhsili görmüşdü.

Ötən əsrin axırlarında Məhəmmədəmin Hafiz Şeyxzadəni tanınmış müəllim və maarifçi kimi Nuxa şəhərinə dəvət etdilər. O, burada yeni üsullu oğlan məktəbi təşkil etdi. Oğlan məktəbinin yanında ayrıca qız məktəbi açdı. Həmin qız sinfində təlim işlərini gənc müəllimə Şəfiqə Şeyxzadə aparırdı. O, burada üç il böyük həvəslə çalışdı, ilk pedaqoji təcrübələrini keçdi. Müəllim və vətəndaş kimi formalaşdı, yetişdi.
Əsirimizin ilk illərində Şeyxzadə Şamaxıya məktəb açmaq üçün dəvət olunduğuna görə Nuxadan köçür. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin vəsaiti və H.B.Zərdabinin köməkliyi ilə rus-müsəlman qız məktəbi açılır. Bu təhsil ocağı rəsmi sənədlərdə Aleksandrinski rus-müsəlman qadın məktəbi adlanırdı. “Müqəddas Nina” məktəbini bitirmiş Gülbahar xanım Axrıyeva məktəbə müdir təyin edilir. Hənifə xanım Məlikova, Səkinə xanım Axundzadə, Rahilə xanım Hacıbababəyova, Xədicə xanım Ağayeva ilə birlikdə Şəfiqə xanım Əfəndizadə də şərəfli müəllimlik sənətinin ilk uğurlu addımlarını burada atmağa başlayır.
Şəfiqə xanım burada Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərir və qadın azərbaycanlılar arasında ilk ana dili müəllimi olmaq şərəfi ona nəsib olur. Şəfiqə xanım müəllimlik işi ilə kifayətlənmir, geniş ictimai fəaliyyət göstərir, qızlar, valideynlər arasında elmin, maarifin, incəsənətin yayılmasına çalışır, qələmini mətbuatda sınayır. 1903-cü ildə Tiflisdə nəşrə başlayan “Şərqi-rus” qəzetində dərc etdirdiyi məqalələrində qadınları maarifə, təhsil almağa çağırır.
Şəfiqə xanım öz qələmini publisistika sahəsində sınayır. İllər keçdikcə azərbaycanlı ilk qadın publisist adını da şərəflə daşıyır. O, hekayələri, pedaqoji mövzuda yazılmış məqalələri ilə də ədəbi və pedaqoji ictimaiyyətin diqqətini cəlb edir.
Bu zaman qadın məktəbinin müəllimi Səkinə xanım Axundzadə kiçik səhnə əsərləri yazmaqla məşğul olurdu. Ədəbi yaradıcılığa həvəs göstərən hər iki maarif fədaisi Bakı rus-müsəlman qız məktəbində yuxarı sinif şagirdlərindən və müəllimlərdən ibarət dram kollektivi yaratmışdılar. Onlar səhnəciklər hazırlayır və bunları bayramlarda, təntənəli gecələrdə valideynlərə və qadınlara göstərirdilər.
Şəfiqə xanım Əfəndizadə 1905 – 1907-ci illərin inqilabi hadisələrindən ruhlanaraq qadınlar arasında iş aparmaqla kifayətlənmir. Həm də mühüm pedaqoji problemlərin həllində iştirak edirdi. Müsəlman müəllimlərin I (1906-cı il) və II (1907-ci il) qurultayları Azərbaycanda xalq maarifinin təşkili, təhsilin məzmununun yeniləşdirilməsi və mütərəqqi əsasda qurulması, səmərəli təlim metodlarının tətbiqi, ana dilinin tədrisində əlifba islahatı aparılması və digər məsələlər barəsində geniş müzakirə təşkil etdi. Şəfiqə xanım Əfəndizadə də tanınmış, təcrübəli ana dili müəllimi kimi müəllimlərin I (1906) qurultayında iştirak edirdi.
O zamanlar xeyriyyə cəmiyyətləri yaradılır, mütərəqqi fikirli ziyalılar bu cəmiyyətlərdə ictimai-pedaqoji, maarifpərvərlik xarakterli müxtəlif işlər görürdülər. Şəfiqə xanım Əfəndizadə Bakı qadın xeyriyyə cəmiyyətinin ən görkəmli üzvlərindən hesab edilirdi.
Əsrimizin ilk onilliyinin sonlarından Bakıda rus-tatar qız məktəbləri dalbadal fəaliyyətə başlayırdı. I rus-tatar şəhər qız məktəbi 1909-cu ildə, II rus-tatar şəhər qız məktəbi isə 1910-cu ildə açılmışdı. 1901-ci ildə fəaliyyətə başlamış Bakı rus-müsəlman qız məktəbinin məzunları gimnaziyalarda, “Müqəddəs Nina” qadın məktəbinin pedaqoji kurslarında imtahan verərək müəllimlik şəhadətnaməsi alaraq həmin yeni açılmış məktəblərdə müəllim işləyirdilər. Bu məktəblərə ən təcrübəli, bacarıqlı müəllimlərdən direktor və ana dili müəllimləri təyin edirdilər. 1910-cu ildə II rus-tatar şəhər qız məktəbi açılarkən Sara xanım Vəzirovanı bu məktəbə direktor, Şəfiqə xanım Əfəndizadəni ana dili müəllimi təyin etdilər. O, burada düz 10 il işlədi. Burada işləməklə birlikdə 1915 – 1916-cı illərdə Bakı rus-müsəlman qız məktəbinin nəzdində açılmış ikiillik pedaqoji kursda da dərs deyirdi.
Şəfiqə xanım bu dövrdə həm nüfuzlu praktik müəllim, maarifçi, həm də publisist, yazıçı kimi tanınırdı. Onun “Dəbistan”, “Məktəb”, “Dirilik”, “Açıq söz” kimi jurnal və qəzetlərdə dərc etdirdiyi publisistik məqalələri və hekayələri oxucular arasında böyük rəğbətlə qarşılanırdı. O, öz hekayələri ilə Azərbaycan uşaq ədəbiyyatının inkişafına müəyyən kömək göstərmişdir. Onun “İki qızın söhbəti”, “Şəkər alması”, “Vəhşilər çörəkçisi”, “Röya”, “Mükafat”  və digər hekayələri Azərbaycan uşaq ədəbiyyatının ilk nümunələri kimi qiymətlidir. O, 1914-cü ildə “İki yetim, yaxud Kərimin Hümməti” adlı povestini ayrıca kitabça şəkilində Bakıda nəşr etdirmişdi. Yazıçı Şəfiqə Əfəndizadə öz pedaqoq-tərbiyəçi amalına sadiq qalaraq bu povestində dostluq, xeyirxahlıq, insanpərvərlik ideyalarını aşılayır. O zamanlar müsəlman aləmində dinin, fanatizmin çox-çox güclü olmasına, qadınların hüquqsuz sayılmasına baxmayaraq Şəfiqə xanım Əfəndizadə açıq ictimai fəaliyyətdən çəkinmirdi. Onu mürtəcelər təhdid edir, hədələyirdilər. Lakin o, qadın azadlığı uğurunda açıq mübarizədən geri çəkilmirdi. Hər bir yığıncağın, qurultayın tribunasından bir neçə qadın həmkarı ilə birlikdə çəkinmədən, qorxmadan istifadə edirdi. O, Tiflis müəllimlərinin nümayəndəsi Sara xanım Vəzirova ilə birlikdə 1917-ci ilin aprel ayında Bakıda çağırılmış Zaqafqaziya müəllimlərinin I qurultayında da beləcə iştirak etmişdi.
1918-ci ildə ADR yarandıqdan sonra məktəblər milliləşdi, təlim ana dilində aparılmağa başlandı. Şəfiqə xanım geniş və zəngin biliyini gənclərə həvəslə, ilhamla öyrətməyə başladı. Xüsusilə onun 1920 – 1926-cı illərdə çalışdığı darülmüəllimatdakı – Azərbaycanda ilk qadın müəllim kadrları hazırlayan məktəbdəki fəaliyyəti unudulmazdır. 1920-ci ilin payızında yaradılan bu ilk pedaqoji təhsil ocağında dərs demək üçün o dövrün tanınmış pedaqoqları dəvət edilmişdi. Bunların sırasında Üzeyir Hacıbəyov, Hüseyn Cavad, Abdulla Şaiq, Azad bəy Əmirov, Xədicə xanım Ağayeva, Sara Talışinskaya, Şəfiqə xanım Əfəndizadə və başqaları var idi. Azərbaycanlı qızlar bu təhsil ocağını qurtarıb, fəaliyyətə başlayan kimi sevimli müəllimlərinin örnək dolu həyatını davam etdirməyə başladılar, Azərbaycanda maarif və mədəniyyətin inkişafında nəcib xidmət göstərdilər.
Şəfiqə xanım Darülmüəllimatla yanaşı digər məktəblərdə də dərs demişdir. O, pedaqoji fəaliyyətlə birlikdə ictimai və jurnalistik fəaliyyətini də bu illərdə genişləndirmişdir. 1923-cü ildən nəşrə başlayan “Şərq qadını” jurnalının redaksiya həyətinin üzvü olmuş, jurnalın ədəbiyyat və bədiiyyat şöbəsinə başçılıq etmişdir. O, bu jurnalda bir publisist və yazıçı kimi maraqlı yazılarla çıxış etmişdir. Onun “Qız ilə ana arasında söhbət”, “Bəhirədən Minirəyə”, “Al qırmızı qofta”, “İlk sima”, “Evlənmək”, “Rəna” kimi hekayə və publisist yazıları qadın azadlığı ideyalarını yayırdı.
Şəfiqə xanım Əfəndizadə cəmi 77 il yaşadı. Lakin bu ömrü illərlə ölçmək mümkün deyil. Onun ömrü dərs dediyi şagirdlərinin, yetirmələrinin əməlində, həmişəyaşar əsərlərində, pedaqoji fikrimizin qızıl səhifələrində artıq çoxdan əbədiləşmişdir. Bu fədakar Azərbaycan qadınının fəaliyyətindən bəhs edərkən bir neçə cəhəti nəzərə almaq lazımdır.
Birincisi, onun sırf əməli müəllimlik fəaliyyəti;
İkincisi, ictimai-pedaqoji fəaliyyəti;
Üçüncüsü, ədəbi-bədii və jurnalistlik fəaliyyəti;
Dördüncüsü isə analıq-valideynlik fəaliyyəti.
Şəfiqə xanım Əfəndizadənin hərtərəfli fəaliyyətinin məqsədi  onun pedaqoji ideyalarından doğmuş, insanların xoşbəxtliyinə, elm, mərifət sahibi olmasına xidmət yönəltmişdir. Onun pedaqoji ideyalarının əsasını elmə, təhsilə, maarifə çağırış; böyüyün nəslin əxlaq tərbiyəsi; qadın təhsili və qadınların azadlığı uğurunda mübarizə, ailə tərbiyəsi məsələləri təşkil edir. Ş.Əfəndizadə hələ çox gənc ikən xalqın geri qalmasının səbəbini cəhalətdə görürdü. Birinci olaraq cəhaləti aradan qaldırmağı vacib sayırdı. O, “Şərqi-rus” qəzetində dərc etdirdiyi “Bir çox ümidlərimiz” adlı məqaləsində yazırdı: “... hər bir rəzalətin başlıca səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın başlıca dərmanı isə elimdir, mərifətdir”. O, elm və mərifət sahibi olmağın da yollarını göstərirdi. Bunun üçün məktəblər açmaq, ilk növbədə qızları hamılıqla məktəblərə cəlb etməyi lazım bilirdi.
Şəfiqə xanım Əfəndizadə cəmiyyətin inkişafında qadınların böyük rolunu nəzərə almağı tələb edirdi. O, qadını böyüyən nəslin sağlam böyüməsində çox böyük rol oynayan tərbiyəçi hesab edirdi. “Dirilik və varlıq qadın ilədir” məqaləsində yazırdı ki, inkişaf  “qadınlıq və qadınlığın diriliyindədir”. Qızların, qadınların səyi olmadan vətənin, xalqın yüksəlişi qeyri-mümkündür. Hər bir vəchlə qadını yüksəltmək, onu şəriət buxovlarından azad etmək, onun təbii ictimai tərbiyəçi vəzifəsini özünə qaytarmaq, onu elmli, savadlı etmək! – Şəfiqə xanımın görmək istədiyi bunlar idi. O, elə bu məqsədinə çatmaq üçün qız məktəblərində var qüvvəsi ilə çalışırdı, hər dəqiqəsini vətənin sevimli qız balalarına həsr etməkdən zövq alırdı. Məktəbdə, ictimaiyyət arasında, mətbuatdakı çıxışlarında o qızlara-gələcək analara təhsil verilməsini dönə-dönə təbliğ edirdi. Bu sahədə atılan hər bir addımı millətin gələcəyi üçün faydalı sayırdı. Özünün və digər müəllim yoldaşlarının əməyinin nəticə verəcəyinə böyük ümidlə yanaşırdı. “Bir çox ümidlərimiz” məqaləsində (“Şərqi-rus” qəzetində) yazırdı: “Bir balaca-balaca qızlara təlim-tərbiyə veririk. Onlar gələcəkdə millətimizin anası olacaqlar...” Doğrudan da belə oldu. Həyat Şəfiqə xanımın dediyi fikirlərin doğruluğunu sübut etdi. Şəfiqə xanım Əfəndizadənin, Hənifə xanım Məlikovanın, Səkinə xanım Axundzadənin təlim-tərbiyəsini görmüş, onlardan dərs almış necə-necə sağlam ideyalı azərbaycanlı qadını bütün ömrünü şam kimi əridərək xalqın azadlığı, maariflənməsi uğurunda mübarizəyə sərf etdi. Belələrinə Ayna Musabəyovanı, Nabat Nərimanovanı, Səidə Şeyxzadəni,  Nərgiz Süleymanovanı, İqlimə xanım Heydərova – Əliyevanı, Məryəm xanım Bayraməlibəyovanı, Xədicə xanım Əlibəyovanı və onlarla başqalarını göstərmək olar. Bu məzunların hər birisi qız məktəbləri açmış, adamlar arasında savad nurunu yaymış, qəzet-jurnal səhifələrində qorxmadan, çəkinmədən fanatizmi, cəhaləti tənqid etmiş, öz praktik tərbiyəçilik fəaliyyətləri ilə cəmiyyətin inkişafına təkan vermişdir.
Şəfiqə xanım Əfəndizadə qadınların yüksək tərbiyə görmələrini ona görə vacib sayırdı ki, onlar tərbiyəli övlad böyüdə bilsinlər. Onun “Dəbistan” jurnalının (1906) 1-ci nömrəsində dərc edilmiş bir yazısı fikrimizi sübut üçün xarakterikdir. O, yazırdı: “Firəngistan padşahı Napalyon ən məşhur və elmli övrətdən sual etdi:
-Xalqın gözəl, tərbiyəli olması üçün nə sərəncam etmək gərəkdir?
Övrət cavab verdi;
-Elmli və təlimli analar lazımdır, gərək çalışıb səy edəsiniz ki, onlar tərbiyəli olsunlar, ta ki, öz balalarına tərbiyə və təlim verməyə qalır olsunlar.”
Şəfiqə xanımın gətirdiyi maraqlı el misalında göründüyü kimi, qadınların təlimi və tərbiyəsi dövlət əhəmiyyətli məsələ səviyyəsinə qaldırılır və bu barədə də o haqlı idi.
Şəfiqə xanımın pedaqoji ideyaları içərisində şəxsiyyətin inkişafına mühitin və tərbiyənin təsirinin labüdlüyü ideyası da xüsusi əhəmiyyət daşıyır. Şəfiqə xanım uşağa tərbiyənin güclü təsirini vacib sayırdı. Lakin doğru, düzgün istiqamətli tərbiyə vermək üçün müvafiq mühit yaradılmasını əsas şərt kimi qəbul edirdi. Onun fikrincə, məktəb mühiti bu tələbə müəyyən dərəcədə cavab verir, amma o zamankı ailə mühiti həm uşaqların normal səviyyədə tərbiyə olunmasına, həm də, ümumiyyətlə, geriliyin, avamlığın, fanatizmin aradan qaldırılmasına mane olurdu. Şəfiqə xanımın bununla əlaqədar söylədiyi aşağıdakı fikirlər maraqlıdır. O, “Dəbistan” jurnalının əlavəsi olan “Valideynə məxsus vərəqə”də yazırdı: “İnsan üçün ən lazımlı və əvvəlinci məktəb, tərbiyəyi-beytiyyə, yəni ev tərbiyəsidir, çünki insan əxlaq və ənvarına dair pis və yainki adət və sifətlərin cümləsini və təlim-tərbiyəsinin binasını əvvəlcə evdə, ev tərbiyəsindən əkz və kəsb edir”. (“Dəbistan” jurnalı, 1906, N2,səh.3).
Uşaq tərbiyəsində ailənin rolunu qiymətləndirən və ona lazımı üstünlük verən Şəfiqə xanım Əfəndizadə “uşaqlarımızın təlim və tərbiyəli olması üçün nə etmək lazımdır?” sualına çox düzgün cavab verir, qeyd edir ki, valideynin şəxsi nümunəsi uşaq tərbiyəsində başlıca əhəmiyyətə malikdir. O, ailə tərbiyəsini yalnız bir ailə çərçivəsində məhdudlaşıb qalan amil kimi hesab etmir, bu tərbiyənin bütünlükdə bir xalqın tərbiyəlilik səviyyəsinə təsirindən bəhs edir.
Şəfiqə xanım öz əsərlərində dostluq, yoldaşlıq, xeyirxahlıq, humanizm, vətənpərvərlik, mübarizlik kimi yüksək əxlaqi keyfiyyətlərin geniş yayılmasını təbliğ etmişdir.
Maraqlı cəhət burasındadır ki, Şəfiqə xanım Əfəndizadə  yalnız sağlam müsbət pedaqoji ideyalar təbliğatçısı kimi qalmamışdır. Zəngin biliyə və dünyagörüşünə malik olan bu maarif fədaisi bir ana – valideyn kimi də xüsusi nümunə göstərmişdir. Onun tərbiyə edib boya-başa çatdırdığı övladları Adil və Fuad Əfəndiyevlər fəal ictimai xadim, görkəmli mütəxəssis, ensiklopedik biliyə malik insanlar kimi tanınmışlar. Öz valideynlərinin alışıb-yanan ömür çırağını həyat qayəsi kimi alıb davam etdirmiş övladları yeni şəraitdə yüzlərin, minlərin gərəyinə çevrilmişlər. Onlar da öz əmirlərini şam kimi əridib insanlara nur paylamışlar.
Xalqını, vətənini sevməkdən, bütün ömrü boyu belə bir məhəbbətlə yaşamaqdan böyük xoşbəxtlik, öz amalını, öz istəyini özündən sonra gələnlərin ürəyinə, beyninə həkk edə bilməkdən böyük səadət yoxdur! Şəfiqə xanım Əfəndizadə belə bir xoşbəxtliyə, belə bir səadətə qovuşmuş insandır. Azərbaycan xalqı öz böyük maarifpərvər qızını həmişə iftixarla yad edir.

Əjdər AĞAYEV, pedaqoji elmlər doktoru, professor

Комментариев нет:

Отправить комментарий