Haqqında yazılanlar

Görkəmli şəxsiyyətə layiq əsər
Qəzənfər Paşayev, Filologiya üzrə elmlər doktoru, professor



Görkəmli şəxsiyyətlər haqqında kitab yazmaq şərəfli, şərəfli olduğu qədər də çətin və məsuliyyətli işdir. Azərbaycan tarixində bir epoxa olan dahi şəxsiyyət Heydər Əliyev haqqında kitab yazmaq isə böyük məsuliyyət tələb edir. Odur ki, görkəmli pedaqoq alim, professor Əjdər Ağayev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bənzərsiz şəxsiyyət Heydər Əliyevə həsr etdiyi “Nəsillərə örnək insan” əsərinə ön söz yazmağı təklif edəndə tərəddüd etdim. Lakin kitabın əlyazmasını oxuyanda həyacanım keçdi. Qəti qənaətə gəldim ki, böyük şəxsiyyətlər haqqında mötəbər sözü böyük həyat təcrübəsi olan, dünyanın gedişatından başı çıxan, ziyalı kimi xalq arasında nüfuz qazanan, ictimaiyyət arasında söz sahibi kimi tanınan adamlar deyəndə daha mötəbər olur. Professor Əjdər Ağayev sadaladığım bütün keyfətləri özündə cəm edən şəxsiyyətlərdəndir. Dahi şəxsiyyət Heydər Əliyevin müasiri olduğundan, onun xalq naminə, dövlətçilik naminə sahilsiz ümmana bənzər fəaliyyətini izləmək, haqqında məqalələr yazmaq, professor Əjdər Ağayev kimi mənə də qismət olub. İlahi ulu öndərimizə bitib-tükənməyən enerji bəxş etmişdi. Xalqımızın
xoşbəxtliyi ondadır ki, Heydər Əliyev ilahidən gələn bu enerjini xalqımızı gözü götürməyənlərin, bədxahların arzusuna xilaf çıxaraq Azərbaycan xalqının gələcəyi naminə sərf etmişdir. Qədin yunan filosofu Platon deyirdi: “Başqalarının xoşbəxtliyinə çalışanlar öz xoşbəxtliyini qazanır”. 
Ulu öndərimiz bütün Azərbaycan xalqının xoşbəxtliyinə çalışırdı. Odur ki, ümumxalq məhəbbəti qazandı, ümummilli liderə çevrildi, könüllərdə əbədi məskən saldı. Öndərimizin xalq qarşısında əvəzsiz xidmətlərini saymaqla qurtaran deyil. Ulu öndərimizin dilimiz, ədəbiyyatımız, incəsənətimiz, elmimiz, ümumiyyətlə mədəniyyətimiz yolunda gördüyü möhtəşəm işlər barədə çox yazılıb və bundan sonra da yazılacaq. Millət vəkili Elmira Axundova ulu öndərimizin şəxsi arxivindən də istifadə edərək ona 5 cildlik kitab həsr edib. Əməkdaşı olduğum AMEA-nın Nizami adına Ədəbiyayt İnstitutunda bu möhtəşəm əsəri müzakirə edib, Dövlət mükafatına təqdim edəndə (əsər Dövlət mükafatına layiq görüldü) müəllif dedi ki, kitab Heydər Əliyevin fəaliyyətini tam əhatə etməyib. Bu təbiidir. Professor Əjdər Ağayevin “Nəsillərə örnək insan” əsəri deyilənləri təsdiqləyir. üç fəsildən ibarət kitabda Heydər Əliyev və təhsil qırmızı xətt kimi keçir. Pedaqoq alim etiraf edir ki, keçən əsrin 70-ci illərindən bu günədək ötən müddət ərzində yazdığı əsərlərinin metodoloji leytmotivini Heydər Əliyev ideyaları təşkil edib. Azərbaycanda təhsil və tərbiyənin, təlim işinin konseptual istiqamətlərini Ulu öndərin irsi əsasında şərh edib. Professor Əjdər Ağayev çap olunmuş əsərlərində Heydər Əliyev irsində təhsil, təlim, tərbiyə konsepsiyasının, mənəvi tərbiyə formalaşdırılmasının elmi əsaslarının , azərbaycançılıq, vətəndaş təhsili və tərbiyəsininin məzmununun sistemini ortaya qoymuş və bunun Azərbaycan təhsilinin formalaşmasında böyük əhəmiyyəti olduğunu əsaslaşdırılmışdır. Bunlar görkəmli pedaqoqun “Nəsillərə örnək insan” əsərinin “Heydər Əliyev və Azərbaycan təhsili” , “Heydər Əliyev irsində təhsil, elm, milli kadr hazırlığı məsələləri” “Heydər Əliyev irsi və milli tərbiyyə konsepsiyası”, Heydər Əliyev irsində məktəbliliərin mənəvi tərbiyəsi məsələləri“, “Heydər Əliyev irsində vətəndaş kamilliyi konsepsiyası” və s. kimi çox maraqlı bölmələrdə öz əksini tapmışdır. Kitabda yer alan “Heydər Əliyev və vətəndaş cəmiyyəti” fəsli də maraqla oxunur. Əsərin “Heydəriada” fəslində sevimli bəstəkar Oqtay Rəcəbovun Əjdər müəllimin sözlərinə yazılmış beş bəstənin və Rəşid Şəfəqin “Xilaskar” kantatasının mətnləri (sözləri Əjdər Ağayevindir) verilmişdir. 
“Nəsillərə örnək insan” kitabının ən maraqlı bölmələrindən biri də “Xatirə” bölümüdür. İlhamla, Heydər Əliyev şəxsiyyətinə dərin məhəbbətlə yazılan bu bölümü həyacansız oxumaq olmur. 
Şübhə etmirəm ki, görkəmli pedaqoq alim, professor Əjdər Ağayevin bu bu kitabı pedaqoji sahədə çalışanların, xüsusən də müəllimlərin stolüstü kitabına çevriləcək, həcmcə o qədər də qalın olmayan əsər, tarixdə qalan kitab olacaq.

Qəzənfər Paşayev
Filologiya üzrə elmlər doktoru,
professor


Комментариев нет:

Отправить комментарий